Qadınlarla bir gün…

woman

Qadınların sirrli dünyası var. Uşaqlıqdan qulağımda bu məşhur klişe cingildəyib. Lakin bu dünyanın bu qədər sirrli olmasını heç cürə təsəvvür edə bilməzdim. Məni başa düşmək üçün

Azercell-in xanımlardan ibarət treyning qrupu ilə heç olmasa bir gün keçirmək lazımdır. Amma bu imkanın hamıya nəsib olmadığını nəzərə alıb bu günü sizinlə paylaşmaq istəyirəm. 

Hər səhər 08:55-də ofisə daxil olarkən mənə elə gəlir ki, bizim xanımların yarısı hələ də işə gəlməyib. Lakin Könül, Nigar və Aygün başlarını stolun üstünə qoyulan oval güzgüdən qaldıran kimi növbəti dəfə yanıldığımı anlayıram. Onlara “yorulmayasız!” deyib öz iş masama əyləşirəm.

 Bir müddət keçməmiş “Pərvin nə qəşəng broşkan var” deyən Lətafət xanımın səsini eşidirəm.

Oğlan əhli səhər salamını qısa tutur. Lakin hər hansı bir qadına ancaq salam demək üçün yaxınlaşmaq ən böyük günahlardan biridir. Salam deyən kimi qadının aksesuarlarından birini mütləq tərifləmək lazımdır. Aksesuar yoxdursa saç və makiyaj da olar. (Lətafət xanım bu yazılmamış qanunu mənə izah etməklə çox bəlalardan uzaq edib.) Yoxsa hər dəfə salam deyəndən sonra üzümə baxan təəcüblü üzləri heç cürə anlaya bilməzdim.

Bir az da keçir ki, hamımız Firəngiz xanımın “Uşaqlar gəlin getdik” deyən səsini eşidirik. Adət üzrə kollektiv ofisin mətbəxində olan dəyirmi masaya toplaşır. Bəlkə də günün ən maraqlı vaxtı həmin dəyirmi masanın arxasında keçir. Bəzən bu səhnə məni “Kral Arturun” dövrünə aparır. Sərkərdələr həmişə olduğu kimi öz qılınclarını masa üzərinə qoyub vacib mövzuları müzakirə edirlər.

Bizim masada qılınc əvəzinə lobyadan paştet, müxtəlif növ mürəbbə, kolbasa və yağ-çörək olur. Dietik düşüncə tərzini özünə rəva bilən xanımlar isə cür-bə-cür tərəvəz və meyvələrlə yetinməli olur. Bunun üstünə evdə hazırlanmış blinçik, pirog və digər pişmələr də əlavə edilir.

Bilmirəm Kral Arturun vaxtında necə olub amma bizim masada söhbəti bir-neçə sərkərdə birdən başlayır. İldırım sürəti ilə dəyişən söhbətləri mən yalnız fiziki olaraq tuta bilirəm.

Sadəcə onu bilirəm ki, söhbətin ən cana yaxın hissəsi “balalarımız” rubrikasına həsr edilir. Bilmirəm niyə amma Nazo, Fira, Nuray, Oqtay, Ömər, Əkrəm, Suad, Əli adlarını eşidəndə sanki onları illərlə tanıyıram hissi məni bir an belə olsun tərk etmir.

Həyatın xanımlarımıza dəfələrlə geyindirdiyi işgüzar qadın maskası doğma balaları haqqda danışmağa başlayarkən üzlərindən çıxır. Gördüyüm üzlər uşaqlıqda yuxarıdan mənə baxan və nəvazişlə əlimi tutan anamın sevgi dolu üzünü xatırladır.

Gündəmdə olan yüzlərlə mövzunu 30-35 dəqiqə içində müzakirə etmək lazımdır. Vaxtı uzatmadan Pərvinin əl işlərindən başlayırıq, bu arada müzakirə gedə-gedə…Firəngiz xanım uşaqlığında başına gələn əhvalatlardan birini paylaşır. Söhbət əsnasında həmin əhvalatın içinə başqa bütün ağla gəlməz macəralar əlavə edilir.

Bu arada kim deyirsə ki, qadınlarda futbol oynamaq bacarığı yoxdur çox yanılır. Mən futbol həyatımda kifayət qədər qol vurmuşam. Amma hər dəfə Cəmilənin öz qızlarına ustalıqla “zarafat” qolu vurmasına heyranlıq hiss ilə baxıram. Kollektivin bəlkə də ən hazır cavab üzvü olan Cəmilə komanda yoldaşlarına yaxşı paslar ötürməyi də unutmur.

Nə isə əsas məsələyə qayıdaq. Söhbət əsnasında Firəngiz və Aynur  xanım bizi  Nepala götürür…ordan Ukraynaya tranzit edib məsələni Norveçlə bitiririk.

Sonra bir ara beynimdə fasilələr əmələ gəlir…Fasilə bitəndə anlayıram ki, iş işdən keçib. Hamı səhər yeməyini yekunlaşdırır. Mətbəxə keçən hərkəs masaya, masanın üstündə olanlara və masa arxasında oturanlara həsəd hissi ilə baxır. Bizə göz dəyməsin deyə mətbəxdən hissə-hissə aralaşırıq. Növbəti dairəvi masa görüşünə qədər…

 İş günü gərginləşən ssenari üzrə davam edir. Nigar və Aygün treyning keçmək üçün Plaza-ya yola düşür. Pərvin treyning otağına keçib növbəti tədrisinə başlayır. Aynur xanım müştəriyə fokuslanma ilə bağlı treyningi keçirmək üçün otele yola düşür. Lətafət xanım yüzlərlə təmsilçinin bilik səviyyəsini yoxlamaq üçün onlayn quiz təşkil edir. Cəmilə “Karl Yung-la bağlı təqdimat hazırlayır. Firəngiz xanım 3-cü rübün hesabatlarını yoxlayır. Mən də satışla bağlı təqdimatımın son ştrixlərini qaydaya salıram.

Treyninq qrupunun yeganə kişisi olduğum mənə göndərilən və “Qızlar”…sözü ilə başlayan e-maili oxuyanda bir daha yadıma düşür. Ümumi yazışmalarda hələ ki yalnız gözlərimlə iştirak edirəm. Bəzən açdığım e-mailləri heç gözlərim belə başa düşmür.

Günün növbəti mərhələsi bizim qrup toplantımızdır. Toplantımız “Amerikanın RollerKoster” karuselinə bənzəyir. Fira xanım gündəmdə olan mövzunu açıqlamağa macal tapmamış hamımızın müzakirə karuseli işə düşür. Enişlər, yoxuşlar, fasilələr və emosiyonal gərginlik bizim toplantını daha da maraqlı edir. Gündəmdə olan mövzu ilə paralel toplantıda olan xanımların əynində ki, gözəllik attributları, onların qiyməti, qısa hekayəsi və hardan əldə oluna biləcəyi ilə bağlı məlumat alış-verişi baş verir. Müzakirə bittikdən sonra naharla bağlı planlar təyin edilir.

Nahar bittikdən sonra hər kəs yarı yuxulu, yarı həyatdan razı şəkildə iş masalarına qayıdır.

Yerimə oturan kimi Fira xanımın masasında grup şəklində müzakirələri duyuram. Bir az öncəki yeməklər və desertlər barədə hər kəs öz rəyini bildirir. Balıqlar əla idi, teramisu heç də pis deyildi və s. kimi sözləri eşidən kimi qulaq resepterlərimi həmin masadan uzaqlaşdırıram. Bu sırada göz resepterlərim qadın jurnalını maraqla vərəqləyən Könülə fokuslanır. Çox keçmir ki, hansısa rəfiqəsi Könülün yanına yaxınlaşır və o “Bilirsən dünən nə olub?” deyən kimi…üzümü çevirib öz notebook-uma qayıdıram.

Bu ərəfədə qızların sayı çoxalmağa başlayır və Könül onları götürüb harasa gedir. Onun masası boşalan kimi Blackberry-sinə diqqətlə baxan Nigarı görürəm. Üzündəki ifadələr telefona gələn mesajlara uyğun dəyişir. Mesajlardan biri onun gülüş krizisinə salır. Çox keçmir ki, həmin mesaj bizim e-mailə göndərilir. Hamımız gülməyə başlayırıq. Gülüş marafonuna Firəngiz xanım öz nöqtəsini qoyur.

Sonra isə günün sonuna qədər gərgin iş…hesabatlar…treyninqlər…yazışmalar…və arada bir toplu şəkildə baş verən kosmetik pit-stoplar. (Pit-stopları sadəcə müşahidə etməklə yetinirəm)

Bir də ayılıram ki,  17:55-dir. Hamı yavaş-yavaş evə hazirlaşır. Beş dəqiqə keçəndən sonra masamdan qalxıram…mənə elə gəlir ki, Könül, Nigar və Aygün artıq gediblər…paltomu götürmək üçün şkafa yaxınlaşanda növbəti dəfə yanıldığımı anlayıb… onlara sabah görüşərik deyirəm. Ofisdən çıxmamış Firəngiz, Lətafət və Aynur xanımın xeyir duasını alıram…binadan çıxıb Nizami metrosuna tərəf sürətlə addımlayıram…həyat yoldaşım Münəvvərin səsini eşitmək üçün ona zəng edirəm. İllərlə doya bilmədiyim səsi telefonda mənə…“Gələndə evə çörək alarsan…” deyir.

İlk baxışdan romantik səslənməsə də bu sözlər mənə evimin və ailəmin istisini xatırladır. “Alaram”-deyib metroya tərəf addımlamağa davam edirəm. Yolda gedərkən bu günün sərgüzəştləri yadıma düşür. Yeni günün mənə daha hansı sürprizləri gətirəcəyini düşünürəm.

 

 

 

 

 

 

 

 

 

 

One Response to Qadınlarla bir gün…

  1. Yunis QAQA says:

    Qaqam hemiweki yenede zirvedesen. Allah hemiwe sesini ewitdirsin bize. Bu oxuduqlarim bir anliq telebeliyi xatirlatdi. Gunumuz xow kecirdi, ama indi aylarla goruwe bilmirik. Nese problemi duwun gorek ne ede bilerik, nee olmasa 2 aya yaxin menden boyuksen.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>