Face`də oturanlara ən çox kimlər dua edir?

funny animal praying

 

Maraqlı suallar rubrikasının ilk sualı heç şübhəsiz facebook səhifəsinə aid olmalıdır. Qərara gəldik ki, 700 min azərini qeydiyyatdan keçirməyə nail olan bu səhifənin ətrafında var-gəl edən ən maraqlı suallardan birini sizinlə paylaşaq.

 

Face`də oturanlara ən çox kimlər dua edir?        Bu gün bu səhifənin var olmasına ən çox sevinən və dua edənlərin siyahısını nəzərinizə çatdırıram.

 

Evli olan cütlər (xüsusi ilə də qadınlar) – Facebook`dan əvvəl ərli qadınları həmişə narahat edən bir sual var idi. Görəsən mənim ərim başqa yerdə olanda üzüyünü barmağında gəzdirir yoxsa cibində? Görəsən indi ünsiyyətdə olduğu digər qadınlar onun həyatında artıq birinin olduğunu bilir yoxsa yox? Arada olan gərginliyi aradan qaldırmaq üçün facebook öz üzərinə virtual üzük rolunu götürdü. Hal-hazırda bu səhifəyə üzv olarkən hər bir kişi bəlkə də ən çox cavab verməyə gecikdiyi suala cavab verməli olur. (Evlilik statusunuz nədir?) Bu imkanı yaradan facebook bizim evli olmayan xanımlarımızı da unutmayıb. Nə də olmasa onlar da öz kişilərinə: “Nə üçün mənimlə görüşdüyünü, nişanlı olduğunu statusunda qoymamısan?” kimi suallarla bizi üz-üzə qoya bilirlər.

 

İnsan qaynaqları (HR) şöbələri – Əvvəllər müsahibəyə gələn hər kəs dünyanın ən əvəzedilməz və ən ağıllı işçi obrazını yaradırdı. (İstisnalar ola bilər). Kadrlar şöbəsi bu “brilliant daşlarını bir-birindən ayırmaqda çətinlik çəkirdi. Lakin bugün xarici firmaların iş qəbuluna gələn “namizədlərin” aqibətini CV-lərdən çox Facebook-dakı profilləri müəyyən edir. Profilinizi yaradarkən bir çox amilə fikir verin. Əgər dünən içkili vəziyyətdə olarkən çəkdiyiniz yarı-çılpaq şəkilləriniz varsa onları profilinizə yerləşdirməyə tələsməyin. Başa düşürəm ki, siqaretə olan sevginiz sonsuzdur. Lakin onu damağınıza qoyub şəkil çəkdirmək heç də vəziyyətdən çıxış yolu deyil.

 

Milli Təhlükəsizlik Orqanları və İnterpol – Şübhəli şəxslərin axtarışını dəfələrlə asanlaşdıran facebook bu sahədə hər an yeniliklərə imza atır. İnsanlara “privacy” sözünü unutdurmağı bacaran bu səhifə bizim harda olduğumuzu və nə etdiyimizi istənilən anda aşkar etmək gücünə sahibdir. Maraqlıdır ki, gizlilik artıq dəbdə deyil. Bir çoxumuz saat 13:15`də hansı restoranda kiminlə nahar etdiyimizi belə qeyd etmək həvəsinə düşürük. Hansı binada beş dəqiqə dayanırıqsa bunu hamının bilməsini istəyirik. Bəlkə hamımızın burun ucları qlamur həyat üçün göynəyir.

 

Mərhum yazıçılar və şairlər – Həyatda olarkən öz şerlərini və yazılarını kütləyə çətinliklə bəyəndirən dahilər bu gün facebookda baş verən “aforizm” inqilabına mətəl qalıblar. İlham quyusu boşalan hər kəsin köməyinə ancaq sitatlar və hikmətli sözlər çatır. Düzdür facebook söz ustalarının canı sulu vaxtını tuta bilməyib lakin postların dinamikasını nəzərə alsaq görərik ki, dahilər həmişə dahi olaraq qalır.

Mark Juk+erberq - Ömründə 27 yaşı, cibində bu ilin sonuna 100 milyardlıq gəliri və tabeçiliyində olan dünyanın 3-cü ən böyük ölkəsinin virtual prezidenti duaçılar siyahısının lideridir. Bu cavan oğlan ona gecəli-gündüzlü işləyən milyonlarla virtual sakinin canına dua oxumaqla yetinmir onların hamısını bir-birinə “connect” edir.

Duaçılar siyahısında sizcə daha kimlər ola bilərdi? Əgər maraqlı namizədləriniz varsa bizimlə paylaşın…Bu arada toplist-də düşə bilməyən bəzi namizədləri sizə açıqlamaq istərdim… (Gəlinliyə namizəd olan qızların qüsurlarını  görməkdə çətinlik çəkən gələcək Qaynanalar, Gece saat 4-də oyaq olan varsa like edin deyən tin uşaqları və qız profili ilə yaşayan oğlanlar, Soruşmaq Ayıb Olmasın deyən naməlum səhifə və s. )

Maraqlı suallar rubrikası davam edəcək. Gələn görüşlərədək!

 

 

 

One Response to Face`də oturanlara ən çox kimlər dua edir?

  1. JoshgunKarimov says:

    Maraqli Suallarinizi sebrsizlikle gozleyirik…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>